“Uzun illərdir ki, Cənubi Qafqazda lider olan respublikamızın büdcəsi gəlir və xərclərinə görə birincidir. 2003-cü ildə respublikamızda dövlət büdcəsinin gəlirləri 1 milyard 220,9 milyon manat həcmində idisə, bu gün büdcəmizin gəlirləri artıq 41 milyard manatı ötüb. Bu da 2003-cü illə müqayisədə təxminən 35 dəfə çoxdur”.
Hafta.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü büdcə müzakirəsindəki çıxışında deputat Jalə Əliyeva qeyd edib.
Deputat bildirib ki, bu göstəricilərin ilk növbədə Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətindən, respublikamızda həyata keçirilən islahatların effektiv nəticəsindən xəbər verir:
“Gələn ilin büdcəsinin əsas xərc istiqamətlərindən birini ölkə vətəndaşlarının sosial müdafiəsi və sosial təminatı ilə bağlı məsələlər təşkil edəcək. Büdcə zərfinə daxil olan sosial paketin təhlili göstərir ki, şəhid ailələrinin, qazilərin və müharibə veteranlarının sosial müdafiəsi sahəsində dövlət siyasəti, onlara diqqət və qayğı növbəti ildə də davam etdiriləcək”.
J.Əliyeva deyib ki, son 6 ildə həyata keçirilən 5 sosial islahat paketi 4 milyon vətəndaşı əhatə edib. Habelə 2025-ci ildə minimum əməkhaqqı, pensiya, müavinət və digər sosial ödənişlərdə yeni artımlar 3 milyona yaxın vətəndaşı əhatə edib:
“Böyük Zəfərdən sonra dövlətimizin əsas çağırışlarından biri Qarabağ və Şərqi Zəngəzurun bərpasıdır. Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasətinin nəticəsi olaraq artan maliyyə imkanlarımız milli ideyaya çevrilmiş bu məqsəd üçün hər il büdcədən lazımi səviyyədə maliyyə vəsaitinin ayrılmasına imkan yaradır.Reallıq da ondan ibarətdir ki, hər bir il üçün tərtib olunmuş dövlət büdcəsi Azərbaycan dövlətinin milli maraqlarını, iqtisadi təhlükəsizliyini, sosial məqsədləri təmin edib. Əminik ki, 2026-ci ilin dövlət büdcəsi də Prezident İlham Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf siyasətinin uğurla davam etdirilməsinə, bütün dövlət və sosial vəzifələrin tam şəkildə həyata keçirilməsinə xidmət edəcək. Bütövlükdə, gələn ilin dövlət büdcəsi növbəti inkişaf büdcəsi olacaq”- J.Əliyeva deyib.
Tahirə Qafarlı